Lent.az xəbər verir ki, Nuran kənd məktəbində Təhsil Nazirliyinin göndərişi əsasında kimya fənnini tədris edən 23 yaşlı Sara Vəliyevanı (ad və soyad şərtidir) zorla maşına mindirərək qaçıran Nüydü kənd sakinləri 1985-ci il təvəllüdlü İsrafilov Bəhruz Dursunəli oğlu, onun qardaşı 1980-ci il təvəllüdlü İsrafilov Müşfiq Dursunəli oğlu, dostu 1994-cü il təvəllüdlü Əsgərov Əmrah Əbulfət oğlu və sürücü İsgəndərov Eldəniz Bəbir oğlu barəsində başlanmış cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsinə daxil olub və iş icraata verilib. Onlardan 3-ü Cinayət Məcəlləsinin 144.2.3-cü “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam oğurluğu”, müəllimə ilə evlənmək istəyən B.İsrafilov isə 144.2.3-cü maddə ilə yanaşı, məcəllənin 149.2.4-cü (xüsusi amansızlıqla zorlama), 149.2.5-ci (təkrar zorlama), 150.2.4-cü (xüsusi amansızlıqla seksual xarakterli digər zorakılıq hərəkətləri) və 150.2.5-ci (təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri) maddələri ilə təqsirli bilinir.