Amerika dollarının qalxması neftin qiymətinin ucuzlaşmasına gətirib çıxarıb. Bu barədə geniş məqalə ilə çıxış edən “Bizim Yol” qəzeti yazıb ki, Azərbaycanda ixracın 95 faizini neft və neft məhsulları təşkil etdiyini nəzərə alsaq, bu, ölkəyə daxil olan gəlirlərin azalması deməkdir.
Ekspertlərin fikrincə, indiki vəziyyətdə Azərbaycanın dövlət büdcəsində neftin baza qiymətinin 100 dollar/bareldən götürülməsi kifayət qədər risklər yarada bilər: “Qara qızıl” 80 dollar/barelə qədər ucuzlaşa bilər. Ona görə də büdcə proqnozlarında bütün bunlar nəzərə alınmalıdır.
Bundan əlavə, dolların bahalaşması manata qarşı təzyiqləri artıracaq. Pul azaldıqca, Mərkəzi Bank manatın kursunu ucuzlaşdırmağa məcbur ola bilər. Bu da Azərbaycan iqtisadiyyatına müəyyən mənfi təsirlər göstərəcək.
Hökumət manatın kursunu saxlamaq üçün rezervlərini xərcləməli olacaq. Mərkəzi Bank 2009-cu ildə bu riskə getdi. Amma həmin qısamüddətli dövrdə qurumun siyasəti özünü doğrultdu. İndi isə ekspertlər manatın kursunun yumşaldılması siyasətinə üstünlük verilməsini tövsiyə edir. Belə olan halda, ölkənin qeyri-neft ixracı potensialı arta, ölkəyə başqa istiqamətlərdə pul daxil ola bilər.